Cəlilabadın kartof fermerləri çətinə düşüb…

Akif Nəsirli: “Dəmir yolu ilə yükdaşımaların səviyyəsi çox aşağıdır, ancaq…”

img

Kəndlinin aylardan bəri intizarla gözlədiyi vaxt gəlib çatıb. Cəlilabadda bir neçə gündür kartof yığımı başlayıb. Qeyd edək ki, sahələrdə məhsuldarlıq ötən illə müqayisə yüksəkdir. Hazırda fermerlər hər hektara orta hesabla 20-25 ton məhsul götürür.

Danılmaz faktdır ki, toplanan məhsul daxili bazarla yanaşı, xaricə də ixrac edilir. Fermerlərin sözlərinə görə, mövsümün əvvəlində kartof əsasən Rusiya, Ukrayna bazarlarına ixrac edilirdi. Məlum hadisələrdən dolayı hazırda tələbat təkcə Rusiya bazarlarınadır. Müharibə fermerlərin əlindən Ukrayna bazarlarını alıb.

Yığımın əvvəlində kartofun bir kiloqramının qiyməti 1 manat 40 qəpikdən başlasa da, hazırda məhsulun kiloqramı 1 manatadır.

Fermerləri narazı salan məsələ yükdaşımalardakı qiymət artımıdır. Onların sözlərinə görə, mövsümün əvvəlində TIR sürücüləri Moskva istiqamətinə yüklərin daşınması üçün 2800 dollar tələb etsələr də, indi bu qiymət 3800 dollara qalxıb. Bu da ilk növbədə kartofun maya dəyərinə təsir edir.

  • “Cəlilabadda kartof əkini ilə məşğul olan fermerlərə yükdaşımalarla bağlı dövlət tərəfindən dəstək göstərilməlidir”

Mövzu ilə bağlı fikir bildirən iqtisadçı ekspert Akif Nəsirli qeyd etdi ki, ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində müəyyən addımlar atılsa da, subsidiyalar verilsə də aqrar sektor hələ tam şəkildə dövlət tərəfindən dəstək olunmur: “Cəlilabadda kartof əkini ilə məşğul olan fermerlərin yükdaşımalardakı qiymətin artmasından narazılığı başadüşüləndir. Bu sahədə yaşanan problemi həll etmək olar. Məlumdur ki, dəmir yolu dünyanın ən ucuz nəqliyyat vasitəsi sayılır. Rusiya ilə Azərbaycanın iqtisadi əlaqələri mövcuddur. Adıçəkilən məhsulun müəyyən bir yerə qədər maşınla, daha sonra isə qatarla daşınması mümkün ola bilər. Bu qayda yol xərcinin azaldılmasına səbəb ola bilər. Məsələn, bir tır 50 tonluq məhsulu 3800 dollara aparırsa, dəmir yolu vasitəsilə yükü 500 dollara da daşınması mümkün ola bilər. Sadəcə olaraq hökumət yükdaşımalarla bağlı operativ reaksiya verməlidir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, dəmir yolu ilə yükdaşımaların səviyyəsi çox aşağıdır. Ancaq ölkənin kifayət qədər vaqonları var.

Ekspert hesab edir ki, Cəlilabadda kartof əkini ilə məşğul olan fermerlərə yükdaşımalarla bağlı dövlət tərəfindən dəstək göstərilməlidir.

Günel CƏLİLOVA 

Peşə etikası

Son xəbərlər