Ət bahalaşmırsa, kolbasa və sosiska niyə 50 faiz bahalaşıb…

Xalid Kərimli: “Qiymət artımına əsas səbəb hazırda dünya ərzaq bazarında baş verən bahalaşmadır”

img

Paytaxtdakı market və mağazalarda ərzaq və digər gündəlik tələbat məhsullarının qiymətlərində bahalaşma davam edir. Son günlər qiymət artımı daha çox kolbasa və sosislərin qiymətində müşahidə edilir. Maraqlı məqam ondan ibarətdir ki, qiymət artımı əsasən yeri istehsal olan kolbasa və sosislarda müşahidə edilir.

Məlumatlara görə, qeyd olunan məhsulun qiyməti son günlər 50 faiz bahalaşıb. Bir ay əvvəl satış qiyməti 9 manat olan kolbasaların qiyməti indi 12-13 manat arasında dəyişir. Analoji hal sosislərdə də qeydə alınır. Onu da qeyd edək ki, ölkədə ətin qiyməti bahalaşmayıb. Maraqlıdır, ətin qiyməti sabit olduğu halda yerli istehsal olan kolbasa və sosislərin qiyməti niyə qalxıb?

Satıcılar deyir ki, yeni qiymətləri onlar deyil, firmalar müəyyən edir. Təkcə son bir ayda qiymət 15%-ə yaxın artıb.

Ekspertlər bildirir ki, ərzaq məhsulları sahəsində bütün dünyada bahalaşma gedir. Bu faktorun özü  Azərbaycanın daxili bazarına ciddi şəkildə təsir edir.

  • “Bazarda qiyməti formalaşdıran amillərdən biri də eyni növ məhsulların idxalıdır”

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, qiymət artımına əsas səbəb hazırda dünya ərzaq bazarında baş verən bahalaşmadır. Dünya ərzaq bazarında aprel ayında ət məhsullarının qiyməti 90-cı illərdən bəri rekord qiymətə qalxıb: “Kolbasa və sosisların istehsalında tək ətdən istifadə olunmur. Adıçəkilən məhsulun hazırlanmasında müəyyən inqrediyentlərdən istifadə olunur. Həmin inqrediyentlərin isə qiyməti qalxıb. Həmçinin, kommunal xərclərin də artması qiymətə təsir edir.  Bundan başqa, bazarda qiyməti formalaşdıran amillərdən biri də eyni növ məhsulların idxalıdır. Hazırda Rusiya-Ukrayna müharibəsi də qiymətləri artıran faktorlardan biridir”.

Ekspertin sözlərinə görə,  Azərbaycana ət məhsullarının idxal edildiyi ən böyük ölkələr Ukrayna və Rusiya idi: “Rusiya ilə Ukrayna arasında müharibə başlamazdan öncə sahibkarlar keyfiyyətli və qiyməti münasib olan məhsulları ölkəmizə gətirirdilər. Artıq Ukraynanın bazardan çıxması idxalçıları pis vəziyyətə salır. Çarəsiz qalan sahibkarlar başqa bazara müraciət etməli olur. Bu da nəticə etibarı ilə daha bahalı məhsulların bazara daxil olmasına səbəb olur”.

Iqtisadçı hesab edir ki, bazarlarda süni qiymət artımından söhbət gedə bilməz. Çünki yerli bazar rəqabətlidir və qiymətlər daha çox bazar şərtləri əsasında formalaşır.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər