Azərbaycanın quş əti və yumurta istehsalçıları ölkədə 6 aylıq yem ehtiyatının 2 ayının qarşılanması üçün 40 mln. manata yaxın vəsaitin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən güzəştli kredit şəklində ayırmasını təklif ediblər.
"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası"nın yaydığı məlumatda qeyd olunur ki, bu məsələyə dair Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənli ilə Fondun rəhbəri Osman Xalıyev arasında görüş keçirilib.
Görüşdə quş əti istehsalçıları qarşıdan yem bitkilərinin nisbətən ucuz olduğu yığım mövsümünün gəldiyini, onların bu fürsətdən istifadə edərək 6 aylıq yem ehtiyatı yaratmaq istəklərini Fond rəhbərinin diqqətinə çatdırıblar.
Maraqlıdır, sahibkarlara güzəşt olmasa, toyuq ətinin qiyməti qalxacaqmı?
“Güzəşt olmasa, maddi hesabı, banklara kredit çıxışı olmayan, ucuz pul tapmayanlar istənilən halda bahalı pul tapıb yem alacaq, bu da ətin qiymətinin qalxmasına təsir edəcək”
Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) rəhbəri Mürvət Həsənli bildirdi ki, mövsumlə bağlı olaraq dənli bitkilərin yığımı başlayır, bu yığım zamanı bolluq yaranır, qiymət ucuzluğu baş verir: “Həmin o qiymət ucuzluğundan istifadə edib 6 aylıq yem ehtiyatını qurmaq lazımdır. Dövlət güzəştli kredit verir və bir il müddətində biz həmin pulu qaytarırıq. Amma burada dövlətin və sahibkarın udduğu məsələ ondan ibarətdir ki, 6 ay içində ətin qiymətinin qalxmamağı tam qarantili olur. Mövsüm dövründə sentyabr-oktyabr ayına kimi yemi yığdıqsa, yaza kimi ətin qiyməti qalxmır. Qış aylarında yemin qiyməti qalxır, çünki bazarda yem satılandan sonra tələbat artır, buna görə də qiymət qalxır. Burada 6 aylıq ətin və yumurtanın qiymətinin qalxmamasına həm zəmanət veririk, həm ölkədə onun istehsalına təminat yaranır. Gələcəkdə başqa yerdən ala bilməyəndə artıq ehtiyatımız olmuş olur. Həmin güzəştli krediti də oktyabr ayından başlayaraq 8 ay müddətində ödəyib, çatdıraq”.
M.Həsənli hesab edir ki, sahibarkarlara güzəşt olmasa, bəzi problemlər yarana bilər: “Güzəşt olmasa, maddi hesabı, banklara kredit çıxışı olmayan, ucuz pul tapmayanlar istənilən halda bahalı pul tapıb yem alanda böyük bir problem yaranacaq. Gələcəkdə ətin qiymətinin qalxmasına təsir eləyəcək. Çünki bahalı kredit götürən həmin kreditin faizini də müəyyən mənada ətin üstünə gələcək. Hər bir sahibkarın heç bahalı kreditə də çıxışı yoxdur. Ona görə ki, onlar əllərində olan girovları qoyub, müəyyən kredit faizləri var. İndi istehsal müəssisələri, kim necə bacaracaq, elə də vəziyyətdən çıxacaq”.
Günel CƏLİLOVA