Son zamanlar banklarla bağlı narazılıqlar bitmək bilmir. Bankın müştəriləri sosial şəbəkədə yazır ki, müştəri xidmətləri bərbad vəziyyətdədir, bankomatları işləmir, USD debet kartı almaq üçün nəzərdə tutulandan artıq ödəniş tələb edirlər.
Bankın müştəriləri sosial şəbəkədə yazaraq qeyd edirlər ki, “Rabitəbank”ın rəsmi internet saytına giriş mümkün deyil. Xeyli müddət bankın rəsmi internet saytına (www.rabitabank.com) daxil olmaq mümkün deyil: “Bəlkə kiməsə təcili bank əməliyyatı lazımdır. O gözləməlidir ki, görək, bankın saytı nə vaxt işləyəcək..?”
Başqa bir müştəri isə yazır ki, “Rabitəbank”da müştəri xidmətləri bərbad vəziyyətdədir: “Filiala yaxınlaşıb ödəniş etdim. 1 saata yola salırlar və üstəlik bankomatları işləmir deyə, posterminalla ödəniş etmək istədim, o da işləmirdi”.
Qeyd edək ki, adıçəkilən bankla bağlı səsləndirilən və ya yazılan şikayələrin sayı yetərincədir.
Ekspertlər bildirir ki, Mərkəzi Bank və digər kommersiya bankları öz hesabatlarını təqdim etdiyi halda, “Rabitəbank” hələ də hesabat verməyib.
“Rabitəbank”ın saytında ötən il üzrə yalnız kənar auditor tərəfindən təsdiqlənməyən rüblük hesabatlar yerləşdirilib, lakin....”
Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov qeyd etdi ki, sözügedən bankın hesabatlarında ziddiyyətlər var: “Rabitəbank”ın öz saytında ötən il üzrə yalnız kənar auditor tərəfindən təsdiqlənməyən rüblük hesabatlar yerləşdirilib. Lakin illik və 2015-ci ilin IV rübü üzrə hesabatlar arasında uyğunsuzluqlar var. Məsələn, illik hesabatda nizamnamə kapitalı 46,247 mln. manat, rüblük hesabatda isə 48,5 mln. göstərilib. Digər misal: illik hesabatda cəmi kapital 41,358 mln. manat, rüblük hesabatda isə 58,479 mln. manat göstərilib. Başqa sözlə, bankın saytında cəmi kapital (xalis aktivlər) haqda dərc edilmiş məlumat xeyli şişirdilib. Yəni bank ictimaiyyətdə və müştəriləri arasında özü haqda yanlış təsəvvür yaratmaq istəyib”.
Günel CƏLİLOVA