Son günlər Azərbaycanda bank kartlarından istifadə ilə bağlı problemlər müşahidə edilir. Belə ki, kartlarla bankomatlardan pul çıxarmaq, eləcə də POS-terminallarda ödəniş etmək bəzi hallarda mümkün olmur. Bu isə kart sahibləri üçün bir növ sürprizə çevrilir.
Təbii ki, vətəndaşlar da mövcud durumdan narazılıq edir. Bank kartlarında problemin yaranmasına səbəb kimi bankların təhlükəsizliyə az vəsait ayırması göstərilir.
İlqar Əliyev: “Bank bu barədə müştərilərini xəbərdar etməli idi”
Məsələ ilə bağlı "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin eksperti İlqar Əliyev bildirdi ki, son günlər yalnız bir bankda texniki təkmilləşdirmə işləri ilə bağlı kartlardan istifadədə fasilələr müşahidə edilib. Hazırda texniki komanda problemlə bağlı işləyir və kartlardan normal istifadə, demək olar ki, bərpa olunub: “Bank bu barədə müştərilərini xəbərdar etməli idi: “Əgər məlumatlandırma baş verməyibsə, müştərilərin iradları haqlıdır. Azərbaycanda bank kartlarına xidmət göstərmək üçün 2 prosessinq mərkəzi fəaliyyət göstərir. Bunlar dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin təsis etdiyi "Azericard" və 20-yə yaxın bankın təsisçiliyi ilə qurulmuş "Millikart" MMC-lərdir. Onlar da bildirirlər ki, kartlarla bağlı ümumilikdə problem yoxdur. Sadəcə son günlər az sayda kartla əməliyyat aparmaq mümkün olmayıb. Həmin problem də həll edilmək üzrədir”.
Əkrəm Həsənov: “Bankların əksəriyyəti informasiya texnologiyalarının təhlükəsizliyinə son illərdə az vəsait ayırır”
Bank məsələləri üzrə eksper Əkrəm Həsənov qeyd etdi ki, dünyanın hər yerində kartlarla bağlı problem yaranır: “Bu hallar mütəmadi baş verirsə və bank müştərilərinin xeylisi bundan şikayət edirsə, bu artıq bank sisteminin problemi deməkdir. Bəzən vaxtaşırı kiminsə kartında texniki nasazlıq olur. Məsələnin kökündə banklarımızın əksəriyyətinin informasiya texnologiyalarının təhlükəsizliyinə son illərdə az vəsait ayırması dayanır. Bu da məhz bank sisteminin problem yaşamasına gətirib çıxarır. Çünki kartdan istifadənin mümkünsüzlüyü məhz bankın İT sistemində problem olmasından xəbər verir. Bu sistemləri də banklar daim təkmilləşdirməlidir".
Günel CƏLİLOVA