İstanbulda İslam Ölkələri Təşkilatının növbədənkənar Sammiti öz işinə başlayıb.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, Türkiyənin təşəbbüskarlığı ilə çağırılan sammitdə iştirakçılar Yaxın Şərqdəki son vəziyyəti və ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə bağlı qərarını müzakirə edəcək. Ərəb ölkələrinin liderləri yaranmış vəziyyətdə atılacaq addımları razılaşdıracaq.
İclasın sonunda deklarasiya imzalanacaq.
Qeyd edək ki, iclasda 48 ölkədən nümayəndələr iştirak edir. 16 ölkə - Azərbaycan, Əfqanıstan, Banqladeş, indoneziya, Fələstin, Qvineya, İran, Qətər, Küveyt, Liviya, Livan, Somali, Sudan, Toqo, İordaniya və Yəmən sammitdə dövlət başçıları səviyyəsində iştirak edir. Cibuti, Malayziya və Pakistanı Baş nazirlər, Komor adalarını dövlət katibi, omanı vitse-premyer, Qazaxıstan və Özbəkistanı isə parlament spikerləri təmsil edir.
Sammitə müşahidəçi statusu olan Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Mustafa Akıncı da qatılıb.
Xatırladaq ki, İsrail Şərqi Qüdsü 1967-ci il iyunun 5-də tutub. 1980-ci ildə Knesset birtərəfli qaydada qanun layihəsi qəbul edərək, Qüdsü özünün “vahid və bölünməz” paytaxtı elan edib. Buna cavab olaraq, BMT Təhlükəsizlik Şurası 478 saylı qətnamə qəbul edib. Həmin qətnamədə israil Şərqi Qüdsün işğalına görə qınanır.
Beynəlxalq miqyasda son zamanlara kimi Qüds israilin paytaxtı olaraq heç bir ölkə tərəfindən tanınmayıb. Trampın son qərarı ilə ABŞ bu sırada ilk olub.