Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndərin abidəsini ziyarət edərək məzarı önünə gül dəstələri düzüb, dahi rəhbərə əbədi ehtiramlarını bildiriblər.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən “Baki-Xəbər”ə verilən məlumata görə, sonra əbədiyaşar liderin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub, işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nazirliyin rəhbərliyinin və kollektivinin, o cümlədən gənc ədliyyə işçilərinin iştirakı ilə anım mərasimi keçirilib.
Tədbirdə ulu öndərin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik irsindən ətraflı bəhs olunub, dahi öndərin memarı olduğu müstəqil Azərbaycan dövlətinin ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davamlı və sürətli inkişafı, respublikamızın bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemində əldə etdiyi nailiyyətlər vurğulanıb.
Sonra ümummilli liderə həsr olunmuş film nümayiş etdirilib, doğma Vətəninə və xalqına daim sədaqətlə xidmət edən Heydər Əliyev haqqında xoş xatirələr bölüşülərək, dahi rəhbərin çətin tarixi şəraitdə xilaskarlıq missiyasından, ölkədə dövlət çevrilişlərinin, mütəşəkkil cinayətkarlığın qarşısının alınmasında fədakar xidmətlərindən bəhs olunub.
Çıxış edən gənclər dahi liderin müəyyən etdiyi dövlətçilik prinsiplərinə daim sadiq qalacaqlarını, respublikamızın hərtərəfli inkişafı və müasirləşməsi naminə yorulmaz fəaliyyətində ölkə Prezidentinə layiqli yardımçı olmaqla qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunması üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyib.
Anım günü ilə bağlı ədliyyə qurumlarında tədbirlər keçirilib, nazirliyin Heydər Əliyev muzeyində ümummilli liderin zəngin həyatından və çoxşaxəli fəaliyyətindən bəhs edən maraqlı ekspozisiyalarla tanış olunub, elektron məlumat lövhəsində foto-slaydlar və kinozalda filmlər nümayiş etdirilib, ehsan süfrəsi təşkil edilib.