Azərbaycanla Aİ arasında "Aviasiya sazişi"nə dair məsələ gələn ilin yanvar-fevral aylarında həll oluna bilər
“Dekabrın 15-də Avropa İttifaqı ilə danışıqlarda sektoral blok üzrə əməkdaşlıq məsələlərinə dair videokonfrans olacaq. Burada enerji, ekologiya və digər sahələr müzakirə olunacaq”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan və Aİ arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanması ilə bağlı danışıqların son durumunu şərh edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O bildirib ki, qalan bloklar üzrə danışıqlar gələn ilin yanvar-fevralında keçirilə bilər: “Danışıqlarda tərəqqi var. Hesab edirəm ki, danışıqlar gələn ilin sonuna kimi bitəcək”.
Nazir müavini qeyd edib ki, Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetlərinə dair bir-iki məsələ qalıb: “Onlar da yaxın zamanlarda həll olacaq. Biz videokonfranslar aparırıq, lazım olsa, görüşmək də olar. Tərəfdaşlıq prioritetlərində Aİ ilə hansı sahələrdə işləyə biləcəyimiz qeyd olunub. Orada təxminən bütün sahələr var. Üç illik prioritetlər öz əksini tapıb. 2020-ci ilə kimi onların hamısını həll etmək lazımdır”.
Nazir müavini əlavə edib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması aktual olaraq qalır: "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması məsələsi aktualdır. Amma inanmıram ki, bu, bir-iki il ərzində mümkün olsun".
Nazir müavini bildirib ki, Avropa İttifaqı ilə danışıqlarda sektoral və siyasət blokunda irəliləyiş olsa da, ticarət və investisiya sahəsi üzrə danışıqlarda ləngimə müşahidə olunur.
"Bu, Azərbaycanın ÜTT-yə üzv olmaması ilə bağlı ola bilər. Onlar hər bir maddəyə ÜTT-ni daxil edirlər", - deyə o vurğulayıb.
"Azərbaycanla Avropa İttifaqı arasında "Aviasiya sazişi" üzrə bir-iki məsələ hələ qalıb. Ola bilsin yanvar-fevral aylarında bu məsələ də həll olunsun" – deyən nazir müavininin sözlərinə görə, Aİ bununla bağlı Azərbaycana nümayəndə heyəti göndərmək istəyir.