Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ictimaiyyəti nümayəndələrinin, ali və orta təhsil müəssisələrinin, səhiyyə ocaqlarının, ağsaqqallar, veteranlar və gənclər təşkilatlarının, dini qurumların nümayəndələrinin, Milli Məclis üzvlərinin, nazirlik və komitə rəhbərlərinin, elm və mədəniyyət xadimlərinin, Azərbaycanda rəsmi səfərdə olan Türkiyə respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyətinin, qeyri hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Öncə tədbir iştirakçıları Nəsimi rayon İcra Hakimiyyətinin İzmit Bələdiyyəsi ilə birgə təşkil etdiyi sərgiyə baxıblar.
Sonra ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov açaraq dahi şəxsiyyət, hələ sağlığında canlı əfsanəyə çevrilmiş mərhum prezident Heydər Əliyevin həyatına və heç bir ölçüyə sığmayan xidmətlərinə həsr olunmuş geniş nitq söyləyib. Qeyd edib ki, Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir lider obrazında təzahür edən, təmsil etdiyi dövlətin və xalqın ümummilli liderinə çevrilməyi bacaran və onun çərçivəsini göstərən, onun idealını, obrazını yaradan dahi və müdrik bir şəxsiyyətdir. Tədbirdə Heydər Əliyevin keçdiyi mənalı ömür yoluna həsr olunmuş videoçarx nümayiş olunub, mərasim iştirakçıları ulu öndərin parlaq və unudulmaz xatirəsini dərin minnətdarlıq hissi ilə yad ediblər. Tədbirdə İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Auditorlar Palatasının sədri Vahid Novruzov, Milli Məclisin deputatları Madər Musayev, Kamran Nəbizadə, Sevinc Hüseynova, Hadı Rəcəbli, Şəmsəddin Hacıyev, Kamilə Əliyeva, Azər Badamov, Vahid Əhmədov, Çingiz Qənizadə, Elman Nəsirov, Ülvi Quliyev, Mahir Aslanov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və digər rəsmi qonaqlar iştirak edib. Tədbirdə tanınmış incəsənət xadimləri - Niyazi adına Simfonik orkestr, Xalq artistləri Mənsum İbrahimov, Alim Qasımov, Azər Zeynalov, Əməkdar artistlər Zakir Əliyev, Lalə Məmmədova, Fərid Əliyev, Gülnaz İsmayılova, Afaq Abbaslı, Azərbaycan Televiziyası və Radiosunun solistləri Ayşən Mehtiyeva, Aynur İsgəndərli, Mustafa Aşurov həzin musiqi nömrələrilə çıxış ediblər.
Baki-xeber.com