Ötən gecə məşhur kinorejissor, SSRİ Xalq artisti Eldar Ryazanov 86 yaşında dünyasını dəyişib. Bu barədə baki-xeber.com gazeta.ru-ya istinadən xəbər verir. Ölümə səbəb ürək və ağ ciyər çatışmazlığı olub.
Böyük və mənalı ömür yolu keçmış E.Ryazanov bir çox yaddaqalan filmlərə imza atıb ki, bu filmlərin çəkilişi və auditoriyaya təqdim olunması əsl sensasiya doğurub. Əsasən komik janrda filmlər çəkən ünlü kinorejissor az qala hər kinonun təqdimatında sovet ideologiyası ilə üz-üzə gəlməli olub. Onun dəfələrlə sovet dövrünün ən sərt ideoloqu Suslov tərəfindən təzyiqlərə məruz qaldığı, filmlərinə qadağa qoyulduğu orta və yaşlı nəslin nümayəndələri tərəfindən indi də təbəssümlə xatırlanır. Ryazanov isə sadəcə deyirdi ki, arabir gülmək də gərəkdir. Məşhur kinorejissorun "Avtomobildən özünü qoru”, "Karnaval gecəsi”, "İtalyanların Rusiyada maraqlı sərgüzəştləri” və onlarla bu kimi tamaşaçıya xoş ovqat bəxş edən filmlərini kim xatırlamır ki? "Taleyin istehzası və ya həmişə təmizlikdə” filmi isə otuz ildən çoxdur ki, Yeni il ərəfəsində telekanalların bayram proqramının ayrılmaz atributikasına çevrilib.
Artıq Eldar Ryazanov dünyamızda deyil. Lakin onun qəhrəmanları hər zaman bizimlə qalacaq, hətta bizdən sonra nəsillər yola salacaq. Yəqin ölümsüzlük elə budur...