İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub. Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü baş tutub.Baki-xeber.com Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçıları görüşdə çıxış ediblər.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti ilə Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko imzalayıb.
"Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq” haqqında müqaviləni Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşko imzalayıb.
"Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq” haqqında Protokolu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Belarus Respublikasının əmək və sosial müdafiə naziri Mariyanna Şotkina imzalayıb.
"Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” Sazişi Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və Belarus Respublikasının Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri Vladimir Qusakov imzalayıb.
Sənədlərin imzalanmasından sonra Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Fərmanı ilə Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev Azərbaycanla Belarus arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və inkişafına verdikləri töhfəyə görə Belarus Respublikasının "Şərəf” ordeni ilə təltif edilib.
Daha sonra Prezident İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış ediblər.