Daxili siyasət üzrə ekspertlər hesab edir ki, Rusiya hava sərhədlərini pozmaqla NATO ölkələrinin reaksiyasını yoxlayır. Eyni zamanda onlara bununla güc nümayiş etdirir. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir.
Avropa İttifaqının daxili əlaqələr üzrə Berlin ofisinin direktoru Yozef Yanninq Agentliyə açıqlamasında bildirib ki, Rusiya son vaxtlar nəinki Türkiyə-Suriya sərhədini, hətta Avropanın şimalındakı ölkələrin də hava sərhədlərini pozur. "Rusiya Qərblə müharibə istəmir. Lakin özünün ciddi oyunçu kimi qəbul edilməsini arzulayır. İstəyir onu ciddi qəbul etsinlər, ABŞ-la eyni səviyyədə olmasa da, ona yaxın səviyyədə tutsunlar. Həm də mesaj verir ki, onu ciddi qəbul etməzlərsə bunun bədəli ağır ola bilər”- deyə o bildirib. Yanninqin sözlərinə görə, NATO üzvləri hələ də Rusiyanın addımlarını provokasiya kimi qəbul edir, lakin gərginliyi artırmamaq üçün ehtiyatlı davranırlar. "Son hadisələr də göstərdi ki, Rusiya HHQ Kremlin siyasi dəstəyilə hərəkət edir” – deyən ekspert qeyd edir ki, Rusiya təyyarəsinin Türkiyə sərhədini keçməsini bəlkə də pilotlatın səhvi kimi qəbul etmək olardı, lakin son proseslər bu pozuntuların Rusiya hökumətinin dəstəyilə baş verdiyinə şübhə yeri qoymur.
Eyni fikirləri Avropa İttifaqının beynəlxalq əlaqələr üzrə Berlin bürosunun analitiki Qustav Qressel də bölüşür. Qressel deyir ki, analoji hadisələr son vaxtlar Avropanın şimalında, Baltik və Qara dəniz üzərində də tez-tez yaşanır:”NATO-nun belə hallarda standart hərəkətləri öz təyyarələrini havaya qaldıraraq Rusiya təyyarələrini NATO ölkələrinin hava məkanından uzaqlaşdırana kimi müşayiət etməkdən ibarətdir. Bu hal təhlükə sovuşana kimi davam edir”. Qressel deyir ki, Rusiya NATO qarşısında yalnız yumruqlarını havada oynada bilir, birbaşa konfliktə girməkdən isə çəkinir:”Rusiya Ukraynada müharibəni davam etdirə bilmədi, üstəlik anladı ki, bu müharibə onu xarici aləmdən təcrid edir. Bu səbəbdən o, Qərblə yaxınlaşmağa yollar aramağa başladı. Avropanın qaçqın və miqrant axını ilə üzləşməsilə diqqətlərin Yaxın Şərqə və Suriyaya yönəldiyini görüb bu regionda əməliyyatlara qərar verdi”. Alman ekspert də o fikirdədir ki, Putin, İŞİD-lə mübarizə apardığını deməsinə baxmayaraq, əslində Əsədi dəstəkləməyi hədəfləyir. ”İŞİD-lə mübarizə heç zaman nə Əsədin, nə də Putinin prioriteti olmayıb. İŞİD mənv edilərsə, Rusiya diplomatik kozırını itirər, bu isə ona Qərblə münasibəti saxlamaq üçün lazımdır. O üzdən indiyə kimi Rusiya İŞİD-ə qarşı yalnız simvolik mübarizə aparır və heç bir masştablı əməliyyat keçirmir . O da, Əsəd də anlayır ki, İŞİD-lə müharibə daha baha başa gələndir, nəinki bəzi əraziləri müxalifətin əlindən almaq”- deyə o bildirib.