Trend-ə daxil olan bəyanatda qeyd olunur ki, Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilib. Xüsusi əməliyyat zamanı iki polis əməkdaşı qəhrəmancasına həlak olub.
İctimai Birlik təəssüflə qeyd edir ki, xarici dairələrin alətinə çevrilən müəyyən qrup şəxslər dövlətçiliyimizin dayaqlarının sarsıdılmasına çalışırlar. Bu qüvvələr din pərdəsi altında öz məkrli niyyətlərini gerçəkləşdirməyə cəhd edirlər: "Azərbaycan gəncliyi bu cür qüvvələri lənətləyir və ölkədə din-dövlət münasibətlərinin kifayət qədər aydın və uğurlu hüquqi, ictimai əsaslara söykəndiyini bəyan edir. Bu təxribatçı qüvvələr sağlam düşüncəli dindarların mövqeyi ola bilməz. İstər Azərbaycan cəmiyyəti, istərsə də hakimiyyət olsun, bu cür ekstremist qruplara qarşı kəskin etirazlarını bildirəcəklər".
Qeyd edək ki, noyabrın 26-da Nardaran qəsəbəsində din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilərkən iki polis əməkdaşı qəhrəmancasına şəhid olub, cinayətkar dəstənin 4 üzvü məhv edilib.