Rusiyalı politoloqlar Moskvanın İŞİD-lə apardığı mübarizədə daha çox "minus” qazandığı fikrindədir. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, belə bir bəyanatla Rusiya Elmi-Siyasi Fikir Mərkəzinin baş direktoru Stepan Sulaşkin çıxış edib.
Sulaşkin deyib ki, Rusiyanın İŞİD-lə mübarizədə yeganə uğuru prezidentin "piarcıqlarıdır”. "Olimpiada və Krım ətrafında insanların bir araya gəlməsi alınmır. Bu problemi ölü nöqtədən tərpətmək üçün Suriyadan qələbə ilə dönmək lazımdır. Belə çıxır, Suriyadakı əməliyyatlar onun öz xalqına ünvanlanıb ki, onlar öz liderləri ətrafında daha sıx birləşməli olduqlarını anlasınlar. Sulaşkin onu da deyib ki, bu "piarcıqlar” Rusiyanın gündəmindən "novorossiya” ideyasını çıxararaq teleekranlara yeni mövzu verib. Politoloq bildirir ki, nəzəri cəhətdən hərbi əməliyyatlar uğur kimi qiymətləndirilsə də, reallıqda onun ziyanlı tərəfləri daha böyükdür. Bunun təsdiqi üçün o, ilk öncə "Türk axını” layihəsinə diqqət çəkir. Bildirir ki, Ukrayna ilə tranzit layihəsinin bitməsilə 2020-ci ildə bu layihənin işə düşməsi planlaşdırılırdı:”Buna qədər Ukrayna tranzitinə "Cənub axını”nı alternativ görürdülər, lakin Brüsseldə onun tikintisinin qarşısı alındı. Bu situasiyada Türkiyə lideri Ərdoğan Putinə kömək əlini uzatmaq təklifilə çıxış etdi. Lakin Suriya əməliyyatlarına başlamaqla Putin bu şansın üzərindən xətt çəkdi. Çinlə də dostluq əlaqələri hamar deyil. O üzdən Çinə boru kəməri çəkilməsi ideyası şübhə altındadır. Bu halda Rusiya qazını kimə satacaq?”
Sulaşkin son təyyarə olayının ardından turizm şirkətlərinin Türkiyə istiqamətində turları ləğv etməsinə də diqqət çəkərək, Putinin Suriya əməliyyatlarını dəstəkləyən həmvətənlərinə qarşı sarkazmını gizlətmir. Bildirir ki, Şarm-əl-Şeyx və Türkiyə kurortları artıq onlar üçün əlçatmaz olduğundan, Yukatan adasında dincələ bilərlər:”Moskvadan oraya 21 saat 40 dəqiqəyə uçacaqsız. Aviabiletin bir nəfər üçün qiyməti isə 55 min rubldur. Ən əsası, siz birbaşa uçmayacaqsız, hardasa Madrid və ya Parisdə aeroportda vaxt itirərək avropalı turistlərlə qaynayıb-qarışacaqsız və sizin təyyarəni partlatmayacaqlar”...
Sonda isə Sulaşkin Rusiyanın Suriya əməliyyatlarına başlamaqla "qazandıqlarını" sadalayır – yeni anti-Rusiya siyasi cəbhəsi, sünni həmrəyliyi və Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin timsalında əsəbi düşmənlər”. Üstəlik, politoloqun fikrincə, Rusiya bununla həm də Qərbin əlinə ona qarşı provokasiyalar üçün əlavə imkan verib. "Rusiya, təbii ki, hərbi gücünü göstərdi, lakin bu, qısamüddətli təbliğat effektindən başqa bir şey deyil” – deyən politoloqun fikrincə, Rusiya tezliklə regionu tərk etməlidir:”Bu gün bizim əsas vəzifəmiz pis oyunda simamızı qoruyub saxlamaqdır. Daha artıq itkiyə getməmək və ABŞ-ın əlinə oynamamaq üçün Rusiya "xoşluqla” regiondan çəkilməlidir” – deyə Sulaşkin fikrini yekunlaşdırıb.