Rusiyanın Xabarovsk vilayətində kürü qaçaqmalçıları tutulub. Bu barədə baki-xeber.com gazeta.ru saytından məlumat əldə edib.
Əslində qaçaqmalçılıq və onunla mübarizə üsulları yeni olmasa da, bu cinayəti həyata keçirənlərin "tapıntıları” bəzən çox maraqlı və unikal olur. Xabarovsk qaçaqmalçıları da bu dəfə çox maraqlı daşınma üsuluna əl atıblar. Belə ki, onlar qara kürünü... tabutda daşımağa təşəbbüs göstəriblər. Lakin bir şeyi nəzərə almayıblar ki, ölü aparan katafalk adətən yavaş hərəkət edir. Elə yol polisinin diqqətini də "ölü maşını”nın yüksək sürətlə hərəkət etməsi cəlb edib. Katafalk saxlandıqda isə polis qəribə mənzərə ilə üzləşib: ağzına qədər qara kürü ilə dolu tabut... Üstəlik maşındakı gül çələnglərinin altında da plastik konteynerlərdə xeyli miqdarda kürü aşkarlanıb.
Hazırda müsadirə olunan qaçaqmal ekspertiza üçün Vladivostoka göndərilib. İlkin ehtimala görə, vurulan zərər 10 milyon rubl civarında qiymətləndirilir. Ekspertiza həm də müəyyən etməlidir ki, nərə balıqları Amur, yoxsa kaluqaya aiddir və neçə dişi balıq məhv edilib. Hələlik iş üzrə yalnız 2 nəfər – sürücü və malı daşıyan şəxs saxlanıb. Katafalkın aid olduğu dəfn bürosunda isə araşdırmalar başlanıb.