Dövlət Departamentində ABŞ-ın Yaxın Şərqdə antiterror əməliyyatlarına gündəlik olaraq 8 milyon dollar xərclədiyi açıqlanıb. Rusiyanın isə həmin əməliyyatlara yarıbayarı az – 2-4 milyon dollar xərclədiyi bildirilib. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadən bildirir.
"Söhbət gündəlik 2-4 milyon dollar sərfiyyatdan gedir” – deyə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Rusiyanın xərcləmələrindən danışarkən bildirib. Bu arada dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi Enn Patterson ABŞ-ın Suriyada aviazərbələrə gündəlik sərfiyyatını açıqlayıb: 8 milyona yaxın. Patterson o zaman ABŞ-ın niyə Rusiyadan daha az aviazərbə endirməsilə bağlı suala isə, "bu rəqəmə İraq da daxildir” cavabını verib. "Həm də biz rus deyilik, bizim öz standartlarımız var”- deyə o əlavə edib.
Xatırladaq ki, sentyabrın 30-da Rusiya Bəşər Əsədin xahişi əsasında Suriyada antiterror əməliyyatına başlayıb. Rusiya və Əsədə sadiq qüvvələr bu əməliyyatların "İslam dövləti” terror təşkilatına qarşı aparıldığını bəyan etsə də, bir çox dünya dövlətləri bundan əmin deyil. Belə ki, aviazərbələrin daha çox Əsədə müxalif qüvvələrə atıldığı gəzən söz-söhbətlər sırasındadır.