Noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkiləri Rusiya mətbuatının diqqətindədir. Secki-2015.az saytının xəbərinə görə, "Rosbalt” informasiya agentliyində baş tutan seçkilərlə bağlı analitik yazı dərc olunub.
Yazıda qeyd olunur ki, ötən bazar günü Azərbaycanda baş tutan seçkilər beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.
"Azərbaycanda parlament seçkiləri legitim və azad olub”, - deyə məqalədə bildirilir.
Seçkilərdə 125 yer uğrunda 22 partiyanı təmsil edən 767 namizədin mübarizə apardığını yazan Rusiya saytı qeyd edir ki, hakim Yeni Azərbaycan Partiyası seçkilərə 116 namizədlə qatılıb.
"Parlament seçkilərini 66 min yerli müşahidəçi izləyib. Bu, Azərbaycanda keçirilmiş seçkilərin şəffaflığının göstəricisidir. Bundan əlavə, seçkiləri 40 təşkilatdan 503 beynəlxalq müşahidəçi izləyib”,- deyə yazıda qeyd olunur.
Analitik yazıda Rusiya dumasının nümayəndə heyəti tərkibində Azərbaycandakı seçki prosesini izləməyə gələn Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyevin də fikirlərinə yer ayırıb. O, seçki prosesinin yüksək səviyyədə təşkil olunduğunu deyib. Qeyd olunub ki, istər seçicilər, istərsə də seçki komissiyaları ö işlərini mükəmməl şəkildə həyata keçiriblər.
Ekspert rəylərinə də toxunan informasiya agentliyi ölkəmizin parlament seçkilərinə çox yaxşı hazırlaşdığını yazıb. Bildirilib ki, məntəqələrdə quraşdırılan veb-kameralar seçki prosesini onlayn olaraq izləməyə imkan verib.
"İnsanlar seçkilərə həvəslə qatılıblar. Biz bunu onların simalarından da görürdük”. Bu fikirləri isə MDB müşahidəçi missiyasının rəhbəri Sergey Lebedev deyib. O, qeyd edib ki, söhbət etdikləri seçicilər heç də səs vermək xətrinə deyil, məhz namizədlərinə dəstək olmaq üçün seçki məntəqələrinə axın ediblər.
http://www.rosbalt.ru/exussr/2015/11/03/1457478.html