Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov deyib ki, "İslam dövləti” terrorçu qruplaşmasının sıralarında, Rusiya və Asiya-Sakit okean regionu da daxil olmaqla, müxtəlif ölkələrdən 25-30 min əcnəbi döyüşür. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən xəbər verir.
"Onlar evə dönərsə, özlərilə ekstremizm və zorakılığı da gətirəcək, beləliklə də radikalizmin və təxribatın potensial daşıyıcılarına çevriləcəklər” – deyən nazir müavini hazırkı situasiyada belələrinin ölkəyə buraxılmamasını ən doğru yol hesab edir.
Qeyd edək ki, Rusiya sentyabrın 30-dan Suriya ərazisində beynəlxalq koalisiya qüvvələrinə qoşulmadan, əlahiddə antuterror əməliyyatı aparır. Rusiya rəsmilərinin dediyinə görə, bu əməliyyatlar İŞİD-ə qarşı yönəlib. Bu günlərdə isə Misir səmasında Rusiyanın sərnişin təyyarəsi hələlik naməlum səbəblərdən partlayıb və nəticədə 224 nəfər insan həlak olub. Hadisə öncə qəza kimi qəbul olunsa da, çox keçmədən İŞİD onun məsuliyyətini öz üzərinə götürüb. Beləliklə terror qruplaşmasının Rusiya ilə "hesablaşma” versiyası ortaya çıxıb. Rusiya rəsmiləri israrla hadisəni aviaqəza kimi qələmə verməyə çalışsa da, dünyanın iri aviakompaniyalarının həmin istiqamətdə uçuşları dərhal dayandırması qisas versiyasını möhkəmlədir. Bu kontekstdən yanaşdıqda, RF müdafiə nazirinin müavininin son açıqlaması da maraq doğurur.