Suriyada İranın iki yüksək rütbəli Korpus komandiri – İzzətullah Süleymani və Seyid Səccad Hüseyni həlak olub. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir. Xəbərdə o da bildirilir ki, İranın rəsmi xəbər agentliyi İRNA polkovnik Süleymaninin Suriyada həlak olmasını təsdiqləyib. Artıq polkovnikin cənazəsi dəfn olunmaq üçün doğulduğu Şəhrikürd şəhərinə gətirilib.
İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın Mashreghnews internet portalı xəbər verib ki, polkovnik Süleymani və komandir Seyid Səccad Hüseyni Suriyada "Məhərrəm” əməliyyatı zamanı həlak olub. Sayt Hüseyninin doğulduğu Əhvaz şəhərində dəfn olunduğunu da bildirib.
Mashreghnews saytının xəbərində daha sonra bildirilir ki, "Məhərrəm” əməliyyatında ümumilikdə İranın 34 elit döyüşçüsü həyatını itirib. Onlar arasında SEPAH komandirlərindən Həmidrza Fatimethar da var.