Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) noyabrın 1-də Azərbaycanda keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bəyanat yayıb. Secki-2015.az saytı xəbər verir ki, AVCİYA Milli Məclisə seçkilərinin ədalətli və demokratik keçirilməsi, seçki təcrübəsinin təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədilə 63 dairə seçki komissiyası üzrə müşahidə təşkil edib.
Bu işin təşkili prosesində regionlarda AVCİYA təlimçilərinin iştirakı ilə seminarlar keçirilib, "Müşahidəçilər üçün yaddaş” kitabçası nəşr edilərək paylanılıb.
AVCİYA Seçki Qərargahının üzvləri seçki ərəfəsi Avropa Şurası və digər beynəlxalq müşahidə missiyaları ilə görüşlər keçirib, geniş fikir mübadilələri aparıblar.
Seçki günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı ilə bağlı ilkin məlumatlar gün ərzində 5 dəfə (saat 10-30, 12-30, 15-30, 17-30 və 19-30-da) AVCİYA Seçki Qərargahında fəaliyyət göstərən operatorlar tərəfindən toplanıb, ictimaiyyətə təqdim edilib. Bundan başqa assosiasiya seçki günü saat 21.00-da seçkinin nəticələri ilə bağlı özünün ilkin məlumatını ictimaiyyətə çatdırıb.
Seçki günü ölkə üzrə bəzi ərazilərdə texniki çatışmazlıqlardan başqa elə bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Seçki günü qeydə alınmış bəzi çatışmazlıqlar az sayda məntəqələri əhatə edib və buna görə də seçkinin nəticələrinə təsir etmək gücündə olmayıb.