Mətbuat konfransında bildirilib ki, monitorinq missiyası 29 oktyabrda Azərbaycana gəlib və səylərini səsvermə və səslərin sayılması proseslərinin qiymətləndirilməsinə yönəldib: "Seçki Monitorinq Qrupu Avropa Parlamenti və ya ATƏT Parlament Assambleyası kimi beynəlxalq parlament təşkilatlarının Azərbaycanda seçkilərin müşahidəsi üçün rəsmi nümayəndə heyəti göndərməməsinə və ölkənin gələcək demokratik inkişafına və regionun sabitliyinə töhfə vermək kimi mükəmməl imkanı əldən verməsinə olduqca təəssüflənir.
Seçki Monitorinq Qrupu qətiyyətlə hesab edir ki, demokratik öhdəlik və vəzifələrin icrası istiqamətində əldə etdiyi irəliləyişlər Azərbaycanın Avropalı tərəfdaşlarının da marağındadır”.
Missiya müşahidəçiləri seçki günü ölkə boyu 20 məntəqədə müşahidə apardı. Bu, onların müşahidə aparılmış dairələrin əksər məntəqələrində seçki prosesini izləməsinə imkan verdi. Seçki günü səsvermə prosesi ərzində ölkədə ictimai mühit sakit idi, heç bir mühüm insident baş verməyib. Yerli orqanların və ya polisin seçki prosesinə müdaxiləsi qeydə alınmayıb. Müşahidə aparılmış seçki məntəqələri yaxınlığında seçki kampaniyası və ya siyasi təşviqat aparılmayıb”.
Monitorinq Missiyası seçki günü prosesləri izləmək mandatı çərçivəsində belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasında parlament seçkiləri ümumilikdə beynəlxalq tanınmış normalara müvafiq keçirilib. Seçki Monitorinq Qrupu Azərbaycan Respublikasını sabit və demokratik institutlar qurmağı davam etdirməyə və Azərbaycanın sadiq olduğu beynəlxalq seçki və demokratik proseslərin, təcrübə və standartların tam icrası istiqamətindəki səylərini artırmağa həvəsləndirir. Monitorinq Qrupu eyni zamanda Azərbaycanın Avropalı tərəfdaşlarını, xüsusilə beynəlxalq parlament təşkilatlarını uzunmüddətli öhdəliklərini tam icra etməyə və gələcək seçki müşahidə missiyalarında fəal iştirak edərək, Azərbaycanın və regionun demokratik inkişafına töhfə verməyə çağırır.