Bu gün Türkiyə Cumhuriyyətində təkrar parlament seçkiləri keçirildi. Bilindiyi kimi, bu ilin 7 iyun tarixində keçirilən əsas seçkidə səslərin parçalanması, partiyalar arasında isə kompromisə gedilməməsi səbəbindən hökumətin formalaşması məsələsi təkrar seçki keçirilməsini zəruri etmişdi. Maraqlıdır ki, bu gün keçirilən təkrar seçkidə nəticələr tamamilə fərqli mənzərə yaradıb. Belə ki, hakim Ədalət və İnkişaf Partiyası səslərin 50 faizdən çoxunu qazanaraq seçkilərin şəriksiz qalibi olub. Bununla bağlı AKP sədri və ölkənin Baş naziri Əhməd Davudoğlu publika qarşısına çıxaraq seçicilərə təşəkkürünü bildirib. Qismət olarsa, bir də 2019-cu ildə seçicilərindən bugünkü dəstəyi bir daha istəyəcəklərini bildirən Davudoğlu bu illər ərzində can-başla xalqın rifahı naminə çalışacaqlarını diqqətə çatdırıb və "Allah utandırmasın”deyib.
Qeyd edək ki, nəticələrlə razılaşmayan digər partiyaların üzvləri və tərəfdarları etiraz əlaməti olaraq aksiya keçirməyə cəhd göstərsə də, polis gözyaşardıcı qazdan istifadə etməklə onları dağıdıb.
Hazırda Baş nazir Əhməd Davudoğlunun ənənəvi "balkon müraciəti"nə hazırlıq gedir.
Baki-xeber.com