Gürcüstan paytaxtında "Qazproma yox!” şüarı ilə etiraz aksiyası keçirilib. Bu barədə baki-xeber.com-a Anadolu Agentliyindən bəlli olub.
Xəbərə görə, "Tabula” telekompaniyasının təşkil etdiyi aksiyada hökumətlə "Qazprom” arasında başlanan danışıqlara etiraz edilib. Telekompaniyanın sədri Tamar Çerqoleişvili bəyan edib ki, hökumət bu kompaniya ilə danışıqlara başlamaqla çox böyük səhvə yol verib. O deyib ki, bu danışıqlarla keçmiş baş nazir Bidzina İvanişvilinin "xüsusi” işgüzar əlaqələri var. Hökumət evinin önünə yığışan aksiya iştirakçıları qeyd ediblər ki, Gürcüstan üçün Asərbaycan qazı alternativsizdir. Onların sözlərinə görə, ölkə Azərbaycandan qaz alışını davam etdirməlidir.
Xatırladaq ki, bu ayın əvvəlində Gürcüstanın enerji naziri Kaxa kaladze Brüsseldə "Qazprom”un başçısı Aleksey Millerlə görüşüb. Görüş çərçivəsində rus qazının Gürcüstan ərazisindən keçməklə üçüncü ölkəyə nəqli məsələsi də müzakirə olunub. Daha sonra gürcü nazir dəfələrlə bəyan edib ki, Gürcüstana qaz tədarükünün şaxələndirilməsi baxımından "Qazprom”la danışıqlar bundan sonra da davam edəcək.
Qeyd edək ki, Gürcüstanın qaza olan tələbatının 90 faizi Azərbaycanın SOCAR dövlət şirkəti hesabına ödənilir.