Anadolu Agentliyinin müxbiri ilə söhbətində Suriya türkləri Assosiasiyasının baş katibi Əhməd Vəzir deyib ki, Rusiyanın məqsədi Əsəd deyil, Suriyadır. "Rusiya Əsədin köməyinə müxalifət İdlib və Cisr əş-Şuquru nəzarətinə götürdükdən sonra gəldi”- deyən Vəzir bildirib ki, Rusiya qırıcıları bütün Suriya ərazisində müxalifətin mövqelərini bombalayıb və bunu İŞİD-i bombalamaq adı altında edib. Bu isə Moskvanın əsas məqsədini aydın göstərir. Vəzir diqqəti ona çəkir ki, müharibənin ilk günündən müxalifət təkcə Əsəd rejiminə qarşı durmayıb, o həm də Rusiyanın əməliyyatları qarşısında geri çəkilməyib ki, bu da rejimin məntiqi sonluğuna çatdığının göstəricisidir.
"Hazırda hökumət qüvvələri Suriyada quru əməliyyatlarını Rusiya qırıcılarının bombaladığı ərazilərdə aparır. Son bu tip hadisə Əl-Qab vadisində yaşandı. Əsəd qüvvələri burada Rusiya və İran muzdlularından yardım alıb. Rusiyanı maraqlandıran Əsəd deyil, Suriyadır. Onlar rejimin devrilməsindən ona görə ehtiyat edir ki, "hərbi bazaları üçün yer qalmaz”- deyə Vəzir bildirib.
Əhməd Vəzir həm də ona diqqət çəkir ki, Rusiya bütün dünyanın gözü qarşısında Əsədə dəstək göstərdiyi halda, müxalifət ilk gündən bəri heç bir ölkədən belə kömək görməyib.