Hansı ölkəyə məxsus olduğu açıqlanmayan bombardmançıların Suriyanın Deyr əz-Zor əyalətində İŞİD mövqelərinə endirdiyi zərbələr zamanı Azərbaycandan olan ailə uşaqlarla birlikdə həlak olub. Virtualaz.org saytı xəbər verir ki, bu barədə Londonda mənzillənmiş insan haqları üzrə Suriya müşahidə qrupu - "Syrian Observatory for Human Rights” məlumat yayıb.
Məlumata əsasən Rusiyaya, yaxud beynəlxalq koalisiyaya məxsus olduğu ehtimal edilən bombardmançılar oktyabrın 15-də Deyr əz-Zor əyalətinin əl-Mayadin qəsəbəsindəki hədəflərə zərbələr endirib. Bu zərbələr nəticəsində Azərbaycandan olan 2 qadın və 6 uşaq həlak olub. Qadınların ərlərinin İŞİD sıralarında döyüşdüyü bildirilir. Azərbaycandan olan ailələrin əl-Mayadin qəsəbəsinin mərkəzində yerləşən binalardan birinə endirilən zərbə nəticəsində öldürüldüyü məlum olub. Həmin qəsəbə İŞİD-in nəzarəti altındadır. Lakin aviazərbələri ABŞ-ın başçılıq etdiyi koalisiyanın, yoxsa Rusiya aviasiyasının endirdiyi məlum deyil.