Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ və Rusiya səfirlərinin Türkiyə XİN-ə çağırılmasından xəbərsiz olduğunu bildirib. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, o bu barədə finlandiyalı həmkarı Timo Soyni ilə görüşün nəticələrilə bağlı açıqlama verərkən bildirib.
"Mən bizim və Amerika səfirinin Türkiyə XİN-ə çağırılması barədə heç bir şey bilmirəm. Görünür, biz təyyarədə olan zaman bu baş verib” – deyə Lavrov bildirib.
Qeyd edək ki, Rusiyanın Ankaradakı səfirliyindən Rusiya səfiri Andrey Karlovun Türkiyə XİN-ə çağırılması xəbərini şərh etmək istəməyiblər. Daha öncə verilən xəbərə görə, ABŞ-ın Ankaradakı səfiri Con Bass və Rusiya səfiri Andrey Karlov Türkiyə XİN-ə çağırılaraq, ölkələrinin Suriyadakı kürdlərə hərbi yardım göstərməsi ilə bağlı Türkiyə hökumətinin etirazı onların diqqətinə çatdırılıb.