İranın ballistik raket sınağı keçirməsi ABŞ-ın ciddi etirazına səbəb olub. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, Ağ Evin sözçüsü Coş Ernest bunun BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olduğunu bildirib. Məsələni şərh edərkən Coş Ernest deyib ki, "BMT TŞ qətnaməsinin tələblərinin pozulduğunu qəti şəkildə iddia etmək üçün daha çox informasiya toplamaq lazım gəlir. Lakin aşkar şəkildə verilən bəyanatlara söykənərək demək olar ki, BMT qətnaməsinin tələbləri pozulub”. Jurnalistlərin "İranın raket sınaqlarının nüvə proqramı üzrə 5+1 ölkələri arasında baş tutan razılaşma ilə bir əlaqəsi varmı”sualına cavabında isə Ernest "İran birinci dəfə deyil raket sınaqdan keçirməklə sözügedən qətnamənin tələblərini pozur, lakin nüvə razılaşmalarından kənara çıxdığı hələlik müşahidə olunmayıb” cavabını verib.
Xatırladaq ki, ötən bazar günü müdafiə naziri Hüseyn Dehqan İranın yeni uzaqmənzilli ballistik raketlərin sınağını uğurla həyata keçirdiyini bəyan edib.