Amnesty International PYD və YPG-ni insanlığa qarşı cinayətlərdə ittiham edib. Baki-xeber.com Anadolu Agentliyinə istinadən bu barədə xəbər verir.
Təşkilatın məsələ ilə bağlı hesabatında bildirilir ki, PYD-nin nəzarətində olan ərazilərdə ərəb və türkmənlərin evləri yandırılır. Amnesty International ötən yay Suriyanın şimalında müstəqil təhqiqat aparıb və onun nəticələrinə görə də hazırkı məruzəni hazırlayıb. Məruzəyə regionun peykdən çəkilən şəkilləri də əlavə olunub. Həmin fotolarda kəndin PYD-nin nəzarətinə keçməsindən sonra 94% evlərin dağıdıldığı aydın görünür. Məruzədə bildirilir ki, buna qədər kənddə 225 ev olub. Məruzədə bildirildiyinə görə, silahlılar insanları evlərini tərk etməyə məcbur edir, əks halda onları üzərlərinə İŞİD-ə qarşı beynəlxalq koalisiyanın aviasiyasının gələcəyilə təhdid edirlər. Yerli sakinlərin məruzədə yer alan açıqlamalarında o da bildirilir ki, sakinlər çıxan kimi YPD silahlıları buldozerlə evlərini dağıdır. "Bunu kənddə bircə ev də qalmayana qədər davam etdirdilər. Bizi təhdid edirdilər ki, evlərdən çıxmasaq, üzərimizə koalisiyanın təyyarələrini göndərəcəklər, onlar da bizi terroristlər kimi bombalayacaq”- deyə yerli sakinin açıqlamasında deyilir.