Artıq xəbər verildiyi kimi, bu gün səhər saat 10:00 radələrində Ankarada terror olayı baş verib. Ard-arda iki dəfə baş verən partlayış nəticəsində 86 nəfər həyatını itirib.
Baki-xeber.com-un Rusiyanın gazeta.ru saytına istinadən xəbərinə görə, terror olayından bir neçə saat öncə PKK liderlərindən olan Cəmil Bayık jurnalistlərə deyib ki, qruplaşma Türkiyə hökuməti ilə barışığa yenə hazırdır. "Biz öz tərəfimizdən dərhal atəşkəsə hazırıq. Lakin Türkiyə indiki məntiqlə müharibəni davam etdirəcəksə, biz bunu istəsək də, istəməsək də yeni ölənlərin qəbiristanlığı yaranacaq, konflikt isə Türkiyə, Suriya və Yaxın Şərqə yayılacaq. Biz müharibə istəmirik. Biz dialoqun baş tutması üçün siyasi və demokratik yolla getməyə cəhd etdik. Lakin Ərdoğan bu prosesi pozdu” - deyə Kurdpress qəzeti PKK liderinin sözlərindən sitat gətirir.
Eyni zamanda Türkiyə mediası teraktdan az əvvəl yazıb ki, polis "İnqilab cəbhəsi-xalq azadlığı” ultrasolçu partiyanın 3 fəalını saxlayıb. Onlar İstanbulda Polis bölməsinə və məhkəmə binasına hücumlarda şübhəli bilinir.