Rusiya Hərbi Kosmik Qüvvələrinin qırıcıları "Fəth ordusu” müxalifət çətiri altında fəaliyyət göstərən "Liva əl-Hak” qruplaşmasının qərargahına zərbələr endirib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi xəbər yayıb.
Xəbərdə qeyd olunur ki, əməliyyatda Su34, Su24-M və Su25SM təyyarələrindən istifadə olunub. Ötən sutka ərzində təyyarələr 76 uçuş həyata keçirib. Hücumlarda yüksək dəqiqlikli KAB 500-S aviabombalarından istifadə olunub. Bombalar terrorçu qruplaşmanın Rakka, Lazkiyə, Həma, İdlib və Aleppo əyalətlərindəki mövqelərini dağıdıb.
Lakin agentlik bildirir ki, "Liva əl-Hak” qruplaşması, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyildiyi kimi, Rakkada deyil, İdlib və Həmada dislokasiya olunub. Nazirliyin açıqlamasında o da bildirilir ki, Rusiya HHQ Aleppo yaxınlığında qərargah kimi istifadə olunan keçmiş türmə binasına aviazərbələr endirib, nəticədə 100 nəfər ölüb.