"Oktyabrın 8-10-da İtaliyanın Rimini şəhərində keçirilən beynəlxalq turizm sərgisində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin hər hansı bir formada ayrıca guşə ilə iştirak etməsinin qarşısını almaq üçün ölkəmizin İtaliyadakı Səfirliyi tərəfindən əvvəlcədən zəruri tədbirlər görülüb". Bu barədə XIN-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, bütün imkanlardan məhrum olan Ermənistan tərəfi sərgidə Ermənistana aid olan guşədə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim ilə bağlı bir sıra broşurlar nümayiş etdirməklə məhdudlaşıb: "Səfirlik Ermənistanın turizm sərgisini siyasi təxribat obyektinə çevirmək məqsədi daşıyan bu kimi cəhdlərinin də qarşısının alınması istiqamətində İtaliyanın xarici işlər nazirliyi və sərginin təşkilatçısı qismində çıxış edən şirkətlərlə təmaslarını davam etdirir".