Artıq xəbər verdiyimiz kimi, Koreya Respublikasının Munqyeonq şəhərində hərbçilərin VI Dünya Oyunları keçirilir. Yarışda Azərbaycanın idman şərəfini Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edir.
Sərbəst güləş yarışlarının ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcələrində güləşçilər mübarizə aparıb. İdmançılarımız günü bir gümüş medalla başa vurub. Yarışda 70 kq çəki dərəcəsində mübarizə aparan Coşqun Əzimov finala qədər inamla mübarizə aparıb. Ardıcıl olaraq Livandan Kamal əl-Katibi (13:1), Ukraynadan Yevgeni Xavilovu (10:2), yarımfinalda isə Monqolustan təmsilçisi Ganzoriç Mandaxnaranı (6:3) yarışlardan kənarlaşdıran Coşqun Əzimov, həlledici görüşdə Rusiya idmançısı Soslan Romanova uduzaraq gümüş medalla kifayətlənməli olub.
Yunan-Roma güləşçilərimiz isə oktyabrın 9-u və 10-da mübarizəyə qoşulacaq. Yarışlarda Azərbaycanı Ramiz Məmmədov (59 kq), Samran Nəsibov (71 kq), Cavid İbrahimli (75 kq), Rafiq Hüseynov (80 kq), Soltan İsmayılov (85 kq) və Türmən Eyyubov (98 kq) təmsil edəcək.
Baki-xeber.com