Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Suriyadakı "İslam dövləti” terrorçu qruplaşmasının mövqelərinə Xəzər dənizindən raket atılması və bu barədə Vaşinqtonun qabaqcadan məlumatlandırılmamasının səbəbi ilə bağlı sualı cavablandırmaqdan yayınıb. "İnterfaks” xəbər verir ki, Peskov bu barədə ona verilən sualı şərh etmək istəməyib və onu Müdafiə Nazirliyinə ünvanlamağı tövsiyə edib. "Bu sualı Müdafiə Nazirliyinə vermək lazımdır” – deyən mətbuat katibi, beləliklə də, ABŞ pilotsuz uçan aparatlarından bir neçə mil aralıdan uçub Suriyadakı hədəfləri yerlə yeksan edən qanadlı raketlərin hərəkət trayektoriyası barədə Vaşinqtonun qabaqcadan məlumatlandırılmamasına heç bir əks-arqument gətirməyib.
Daha öncə ABŞ müdafiə naziri Eşton Karter Rusiyanın Suriyadakı əməliyyatını qeyri-peşəkar adlandırmış, Rusiya tərəfini xəbərdarlıqsız raket atışı və Türkiyənin hava sərhədlərinin pozulması ilə bağlı ittiham etmişdi. Bundan əlavə, Pentaqon rəhbəri xəbərdarlıq etmişdi ki, Rusiya Suriyada hərbi əməliyyatlara başlamasının qarşılığı olaraq yaxın günlərdə "itirdiklərilə” barışmalı olacaq.
Baki-xeber.com