Böyük Britaniya, Almaniya və ABŞ Rusiyanın mümkün aqressiyasının qarşısını almaq və sərhədlərini möhkəmləndirmək üçün öz silahlı qüvvələrini Baltik ölkələrinə göndərmək niyyətindədir. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, belə bir açıqlama ilə Financial Times nəşri çıxış edib.
Hələlik bu ölkələrin öz hərbi bölmələrini Baltikyanı ölkələrdə nə zaman yerləşdirəcəyi bəlli deyil. Lakin bildirilir ki, Britaniya, ABŞ və Almaniyanın əsgərləri bir-birini əvəzləyəcək. Qərar Rusiya ilə "soyuq müharibə”nin ardından əldə olunan razılığın qorunması və tərəflərin razılaçma prinsiplərinin pozulması iddiası ilə bir-birini qınamasından qaçmaq məqsədi güdür. Razılığa görə, adıçəkilən ölkələr Şərq blokunun keçmiş ölkələrində öz silahlı birləşmələrini daimi əsasda yerləşdirə bilməz.
Sözügedən üç ölkənin bu qərarının Moskva tərəfindən təpki ilə qarşılanacağı gözlənir. Nəşrin qeyd etdiyinə görə, Rusiya çoxdan NATO-nu özünün nüfuz dairəsinə aid ölkələrə müdaxilədə qınayır. Britaniya müdafiə naziri Maykl Fellon isə bəyan edir ki, ölkəsi "əvvəlki kimi Şərqi Avropanın demokratik dövlətlərinin müstəqilliyini dəstəkləyir”. "Biz artıq Britaniya HHQ-nin bölmələrini Baltik ölkələrində yerləşdirmişik və Ukrayna silahlı qüvvələrinə təlimlər keçməklə məşğuluq” – deyən Fellon "İndi bizim ordubölmələrimiz Baltik ölkələri və Polşada olacaq” – deyə bildirib.
Hazırda Ukraynada 75 hərbi ekspert var ki, onların təlim proqramları üzrə 1,6 min əsgər təlim keçir. Fellon Britaniyanın gələcəkdə bu proqramı genişləndirəcəyini deyib.