Oktyabrın 3-dən başlayan Rusiyanın Suriyada antiterror əməliyyatlarında ilk dəfə RF Hərbi Dəniz Qüvvələri iştirak edib. Baki-xeber.com bildirir ki, gazeta.ru bu barədə öz mənbələrinə istinadən xəbər yayıb. Xəbərə görə, həmin zərbələr Rusiyanın Xəzərdəki donanmasının "Dağıstan”gəmisindən açılıb və Suriyanın iki əyalətindəki hədəfləri vurub.
"Silahlıları vurmaq üçün ilk dəfə aviasiyadan əlavə Xəzərdəki Flotiliyanın gəmiləri də əməliyyata cəlb olundu. 4 raket gəmisi 11 hədəfə 26 "Kalibr” qanadlı raketi buraxdı ” – deyə RF müdafiə naziri Şoyqu bildirib. Nazirin sözlərinə görə, bütün hədəflər məhv edilib və dinc əhaliyə ziyan dəyməyib. "Raket zərbələrinin nəticələri onun həm də effektivliyini sübut etdi. Bu çox böyük məsafə idi – az qala 1,5 min kilometr və raketlər bunun öhdəsindən gəldi” – deyən Şoyqu bildirib ki, raketlər Xəzər Flotiliyasındakı "Dağıstan”gəmisindən, eyni zamanda "Buyan-M” seriyasından "Velikiy Ustyuq”, "Uqliç”, "Qrad Sviyajsk” hərbi katerlərindən atılıb.
Avropa və ABŞ-dan isə Rusiyanın konfliktə cəlb olunmasına etirazlar davam edir. Fransa prezidenti Fransua Olland deyib ki, Yaxın Şərq məsələsi tezliklə həll olunmasa "total müharibə” qaçılmazdır. ABŞ müdafiə naziri Eşton Karter isə dünən İtaliya səfərində açıq şəkildə ölkəsinin Suriya məsələsində Rusiya ilə əməkdaşlıq etməyəcəyini bəyan edib və onun Suriya strategiyasını "faciəvi səhv” adlandırıb. Karter deyib ki, Pentaqon bu ölkə ilə hələlik yalnız pilotların təhlükəsizliyi ilə bağlı texniki məsələləri müzakirə edə bilər.