Türkiyə və Rusiya Suriyadakı əməliyyatlarla bağlı insidentləri aradan qaldırmaq üçün birgə işçi qrup yarada bilər. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir.
Türkiyə Rusiya aviaqrupunun Suriya ərazisində "İslam dövləti” terrorçu qruplaşmasına qarşı apardığı hava əməliyyatının birgə müzakirə olunmasını təklif edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bəyan edib.
"Bu gün Rusiya Federasiyasının İstanbuldakı səfirliyinin hərbi attaşesi Türkiyənin Müdafiə Nazirliyinə çağırılıb. Görüş əsnasında Türkiyə hərbiyyəsinin nümayəndələri iki ölkə Müdafiə nazirliklərinin "İslam dövləti” terrorçu qruplaşmasının məhv edilməsi əməliyyatında mümkün insidentlərin araşdırılması üzrə birgə işçi qrupunun yaradılmasını təklif edib” – deyə TASS Konaşenkovun sözlərindən sitat gətirir.
Daha öncə Rusiya Müdafiə Nazirliyi Rusiya hərbi təyyarəsinin Türkiyə hava sərhədini pozduğunu təsdiqləyib və bunu hava şəraiti üzündən baş verən yanlışlıq kimi təqdim edib.