Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən oktyabrın 6-dan Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə "NATO Günləri” tədbiri başlayıb. Bu barədə baki-xeber.com Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata əsasən bildirir.
Məlumatda qeyd olunur ki, "NATO Günləri” çərçivəsində Alyansın Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi, general-leytenant Ali Çetinkayanın (Türkiyə Respublikası) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq, brifinqlər təqdim edəcək və müzakirələr aparacaq.
Tədbir oktyabrın 8-dək davam edəcək.