Cənubi Koreyanın Munqyeonq şəhərində VI Hərbi Dünya Oyunlarının ilk yarış günü keçirilib. Baki-xeber.com-un müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, 56 komandanın qatıldığı Cüdo Komanda yarışlarında Azərbaycanın cüdo üzrə hərbçi idmançılardan ibarət kişi yığması bürünc medal qazanaraq VI Hərbi Dünya Oyunlarının üçüncüsü olub.
Oktyabrın 3-də keçirilən yarışlarda Azərbaycan Cüdo komandası Səudiyyə Ərəbistanı, Qətər və Əl-Cəzair idmançılarını 5-0 hesabı ilə məğlub edib. Komandamız dünya çempionu Braziliya komandasına məğlub olaraq üçüncü yerə çıxıb.
120 dövlətdən təxminən 8.100 idmançının iştirakı ilə 24 idman növündə keçirilən VI Hərbi Dünya Oyunlarına Azərbaycan Boks, Cüdo, Taekvondo və Güləş idman növlərində iştirak edir. Hərbiçilərin Dünya Oyunlarında yığma komandamızı Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Tural Safquliyev (90 kq) və Elmar Qasımov təmsil edir.