Londonda Neft İxracatçısı Ölkələrin Təşkilatının (OPEK) prezidenti Dizani Elison-Madueke həbs olunub. Bu barədə International Business Times Nigeriya nəşri Premium Times-a istinadən bildirir. Ondan əlavə daha 4 nəfər həbs olunub. Nəşr, Cinayətkarlığa qarşı milli agentliyə əsasən onların hamısının rüşvət almada və çirkli pulların yuyulmasında təqsirli bilindiyini yazır. Bununla belə, Britaniya hüquq-mühafizə orqanları həbs faktını təsdiqləmir və həbs olunanların şəxsiyyəti barədə məlumat vermir.
Elison-Madueke nazir olarkən milli neft sənayesində idarəetmənin yox səviyyəsində olması və milyonlarla dollar dövlət vəsaitinin şəxsi təyyarə almaq kimi israfçılığa yönəldilməsində təqsirli bilinib. Nigeriya Senatı onun barəsində 2009-cu ildə 6 milyon dollar dövlət vəsaitindən şəxsi məqsədlər üçün istifadə maddəsilə iddia qaldırıb. Nigeriyanın dövlət neft şirkətində milyardlarla dollar vəsaitin oğurlanması işi araşdırılır. Ölkə prezidenti Məhəmməd Buxari oğurlanmış dövlət vəsaitlərinin taleyinə aydınlıq gətiriləcəyi və cavabdehlərin məsuliyyətə cəlb olunacağına vəd verib. 54 yaşlı Elison-Madueke OPEK prezidentliyinə 2015-ci ildə seçilib. Harvard universitetini bitirən Elison daha öncə Shell kompaniyasında çalışıb. 2007-ci ildə Nigeriyanın nəqliyyat naziri təyin olunub. 2008-2010-cu illərdə dağ-filiz sənayesi və metallurgiya, 2010-cu ilin aprelindən neft resursları naziri olub. OPEK-in ilk qadın prezidentidir. Həyat yoldaşı Nigeriya Hərbi Dəniz Qüvvələrinin kontr-admiralıdır.
Baki-xeber.com