Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli televiziya kanallarında şou verilişlərin bağlanmasını düzgün hesab edir. Trend-in məlumatına görə, N.Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib ki, çox təəssüf ki, indiyə qədər televiziya kanallarına edilən xəbərdarlıq öz nəticəsini verməyib: "Azərbaycan efirindəki bu sünilik, bayağılıq, şitlik, saxta ssenarilər, ailədaxili münaqişələrin həddən artıq şişirdilməsi, insanların heysiyyatına toxunulması, milli-mənəvi dəyərlərin çox aşağı səviyyədə olması ilə bağlı olan verilişlər aradan qaldırılmalıdır. Biz düzgün yoldayıq”.
N.Məhərrəmli deyib ki, hər hansı televiziya kanalına qarşı indiyə qədər olan güzəşt limiti artıq bitib, belə verilişlərin bağlanması işi davam edəcək.
Bu cür verilişlərin reytinqinə gəlincə, N.Məhərrəmli bildirib ki, hələ bu məsələdən çıxış yolu tapa bilməyiblər: "Amma bunun üzərində işləyirik. Çünki reytinq ölçən təşkilatlarla bağlı iş çox şübhə doğurur. Hansı insanların evlərində piplmetrlərin olması şübhəlidir. Ona görə də bu məsələ barədə düşünürük. Çalışacağıq ki, rəqəmsal yayıma tam keçiddən sonra bu məsələ barədə düşünək”.
Nuşirəvan Məhərrəmli onu da bildirib ki, neleviziyalarda namizədlərin təşviqatını şoulara çevirirlər: "Çox istərdik ki, bu şoular olmasın”. N.Məhərrəmli seçki prosesində mətbuatın rolunun vacibliyini vurğulayıb. MTRŞ sədri qeyd edib ki, mətbuat bu prosesdə mühüm rol oynayır və öz işini layiqindcə yerinə yetirməlidir.
N.Məhərrəmli sonra vurğulayıb ki, namizədlərin təşviqatı ilə bağlı indiyə qədər televiziya kanalları barədə hər hansı şikayət MTRŞ-yə daxil olmayıb.