Diplomatik rütbədən məhrum etmə haqqında qanuna dəyişiklik çoxdan tətbiq edilməli idi, çünki əgər əməkdaş pis işləyirsə, o cəzalandırılmalıdır. Bu barədə Trend-ə Azərbaycan xarici işlər nazirlinin müavini Mahmud Məmmədquliyev Milli Məclisdə "Diplomatik xidmət haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, qanuna dəyişikliklər tamamilə normaldır: "Vəzifənin aşağı salınması, diplomatik rütbədən məhrum etmə cəza tədbiridir. Hər kəs öz işini yerinə yetirməlidir. Diplomatlar haqqında qanuna edilən bu dəyişikliklər ciddi tədbirlərdir, töhmət vermək və vəzifənin aşağı salınması kimi maddələr digər ölkələrin qanunlarında da var”.
Bəzi diplomatların ölkəyə qayıtmaması məsələsinə münasibət bildirən nazir müavini qeyd edib ki, öz ölkəsini sevən adam ölkəyə gəlməli və burada öz narazılığını bildirməlidir: "Əgər kimsə getmək istəyirsə, qoy getsin”.
Azərbaycan və Avropa İttifaqının (Aİ) bir-birinə ehtiyacı var və müəyyən müddətdən sonra tərəflər arasında münasibətlər bərpa olunacaq. Bunu da Mahmud Məmmədquliyev Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qətnamə qəbul etdikdən sonra Aİ-Azərbaycan münasibətlərini şərh edərkən deyib.
O bildirib ki, həmin qətnamə qəbul edildikdən sonra Avropa Komissiyasının Azərbaycana səfəri təxirə salındı. Səfər zamanı Azərbaycan və Avropa arasında yeni strateji sazişin detalları müzakirə olunmalı idi.
M.Məmmədquliyev qeyd edib ki, hazırda bu proses dayandırılıb: "Biz bir qədər gözləməliyik. Ümid edirik ki, əlaqələr bərpa olunacaq. Azərbaycan-Aİ münasibətlərində bu, ilk hal deyil”.
Nazir müavini diqqətə çatdırıb ki, Avropa Parlamentinin bu addımı tərəflər arasında münasibətlərin ruhuna uyğun gəlmir: "Avropa Parlamenti Avropa İttifaqının strukturlarından biridir və təcrübədə çox şeyi həll etmir. Parlamentin 600 deputatından 300-ü səs verib. Onların arasında neytral mövqe bildirənlər və qətnamənin əleyhinə səs verənlər də var idi. Bu ondan xəbər verir ki, Avropa Parlamentində sağlam düşünən insanlar var və biz onlarla işləməliyik. Çünki Azərbaycan üzrə belə qərarı tələsik qəbul etmək olmaz. Onlar əvvəlcə Azərbaycana gəlməli, vəziyyətlə tanış olmalı və sonra qərar qəbul etməli idilər. Avropa Parlamenti bu cür qərarı tələsik qəbul etməklə öz qanunlarını pozdu”.