"Azərbaycanda müstəqillik dövründə ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru keçirilib. Bu proseslərdə mətbuatın iştirakı mütləq şəkildə təmin olunub. Azərbaycanda indiyə qədər keçirilən bütün seçkilər demokratik və ədalətli olub”.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda keçirilən seminar-müşavirədə çıxışında deyib.
Ə.Həsənov bildirib ki, seçki prosesi zamanı müəyyən nöqsanlar istisna deyil, heç bir ölkə nöqsanlardan sığortalanmayıb. Lakin ümumi nəticələrə görə bütün seçkilər ədalətli, demokratik keçib: "İnanıram ki, bu seçkilər də istisna olmayacaq. Seçkilər cəmiyyətdəki ovqatdan, ictimai mühitdən və yaradılan şəraitdən asılıdr. Mərkəzi Seçki Komissiyası bütövlükdə Azərbaycanda seçkilərin ədalətli keçirilməsi üçün bütün lazimi tədbirləri görüb".
Seçki prosesi zamanı mətbuatın fəaliyyəti haqqında danışan Ə.Həsənovun sözlərinə görə, jurnalist vəsiqəsi kifayət edir ki, KİV təmsilçiləri əvvəldən axıra qədər seçkini izləmək hüququna malik olsunlar: "Biz medianı seçkilərin mühüm bir iştirakçısı kimi dəyərləndiririk. KİV-lərin vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının, fəallığının vəziyyətini öyrənsin. Bütün bu prosesləri cəmiyyətə çatdırmaqda yeganə institut mediadır Bəzən MSK-nın verdiyi rəyi bəzi dairələr obyektiv dəyərləndirməyə bilir, amma KİV-lər bunu obyektiv dəyərləndirir. KİV-lər seçkilərdə iştirak edən bütün tərəflərə, o cümlədən siyasi partiyalara, siyasi partiya bloklarına, ayrı-ayrı namizədlərə bərabər şərait yaratmalıdır. Mətbuat "KİV haqqında” Qanuna, seçki qanunvericiliyinə uyğun hərəkət etməli və dövlətin yürütdüyü plüralist siyasətə söykənərək, namizədlər üçün bərabər şərait yaratmalıdır".
Ə.Həsənov deyib ki, eyni zamanda media dövlətin imicinin formalaşmasında iştirak edən mühüm vasitədir: "Azərbaycan dövlətinin imicinin formalaşmasında KİV-lərin rolu əvəzsizdir. Dünyada ümumi tendensiya ondan ibarətdir ki, KİV-lər azad, müstəqil olmalıdır, öz siyasətlərini və fəaliyyətlərini özləri qurmalıdırlar. Amma o da sirr deyil ki, bütün dövlətlərdə KİV-lərin idarə edilməsi tendensiyası mövcuddur. Bütün dövlətlər çalışır ki, onun fəaliyyəti ilə bağlı informasiya yayan, həmin cəmiyyətdə mövcud olan ictimai ovqatı dəyərləndirən və bu barədə məlumat verən KİV-lər maksimum dərəcədə idarə olunsun".
Ə.Həsənov sonra bildirib ki, hər bir jurnalist Azərbaycanda seçki prosesini sərbəst şəkildə izləmək hüququna malikdir, amma bu, Azərbaycanda fəaliyyət göstərən xarici KİV-lərin nümayəndələrinə aid deyil: "Bu, bütün dünyada belədir. Xarici KİV-lərin Azərbaycanda fəaliyyət göstərməsi üçün normalar var. Onlar Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmək və Mərkəzi Seçki Komissiyasına müşahidə etmək arzularını bildirib, müvafiq sənədi aldıqdan sonra seçkiləri müşahidə edə bilərlər. İstərdik ki, mətbuat da bu barədə məlumat versin və Azərbaycan əleyhinə kampaniya aparanlar da bilsinlər ki, dövlətin idarəçiliyi qanunlar çərçivəsində həyata keçirilir və bütün hüquqi normalara əməl etmək lazımdır".