Ağ Evin nümayəndəsi Coş Ernest bildirib ki, Rusiya Suriyada Daesh-ə dəxli olmayan hədəfləri bombalayır. "Bu isə onun üçün əlavə risq deməkdir” – deyə o qeyd edib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadla xəbər verir.
Coş Ernest Vaşinqtondakı gündəlik mətbuat konfransında ABŞ rəhbərliyinin Rusiyanın Suriyadakı fəaliyyətindən narahatlığını ifadə edib. "Görünür, Rusiya tərəfinin terrorizmlə mübarizəyə baxışları bizdən köklü surətdə fərqlnir. Hazırda Rusiya təyyarələri Daesh-in olmadığı ərazilərə aviazərbələr endirir” – deyə o bildirib. "Bu hava əməliyyatlarını "Əsədə müxalif qüvvələrə aviahücum” adlandırmaq daha doğru olardı” – deyən Ağ Evin mətbuat katibi Rusiyanın bu hərəkətlərinin nəticələri barədə xəbərdarlıq da edib: "Bu nəticələr beynəlxalq ictimaiyyətin diplomatik təsirindən daha dərinə gedib çıxa bilər və bu zaman nəticələrdən birinin Rusiyanın beynəlxalq təcridi ola biləcəyi istisna deyil”. Coş Ernest əlavə edib ki, ABŞ-ın başçılığı altında beynəlxalq koalisiyanın əsas hədəfi Daesh və "Ən-Nüsra Cəbhəsi”dir. Suriya müxalifətinin tərkibində kifayət qədər müsbət güclər var və onlar yeni dönəmə keçiddə ölkənin taleyində önəmli rol oynamalıdır. Rusiyanın fəaliyyəti isə bu güclər üçün real risk yaradır. Halbuki faktdır ki, beynəlxalq ictimaiyyət Suriyanın gələcəyini onlarsız görmür”.