"Yehova şahidləri" dini moizələrində Azərbaycanın ermənilərə qarşı silah işlətməməsini təbliğ edir. Bunu Trend-ə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Aran deyib.
Onun sözlərinə görə, sözügedən təriqətin ideologiyası Azərbaycanın siyasətinə uyğun deyil. S.Aran qeyd edib ki, komitə qanun çərçivəsində "Yehova şahidləri"nin Azərbaycanda geniş fəaliyyət göstərməsinə imkan vermir: "Azərbaycanda bir sıra qüvvələr var ki, biz onların ümumiyyətlə nə dini ideologiyasını, nə də dini xəttini qəbul etmirik. Məsələn, "Yehova şahidləri”. Onların irəli sürdüyü ən başlıca müddəalardan biri budur ki, insan silah götürməməldir və onu başqa birinə tərəf tuşlayıb öldürməməlidir. Azərbaycan müharibə vəziyyətindədir. Belə bir ideologiya bizə lazımdırmı? Əlbəttə yox. Bu ideologiya bizim ümumiyyətlə, vətənpərvərlik duyğularımıza, hisslərimizə mənfi təsir göstərir”.