Xarici işlər naziri Elmar Məmmədyarov 29 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri ilə görüşüb. Bu barədə baki-xeber.com-a Nazirliyin mətbuat xidmətindən bildiriblər.
Görüş zamanı İbrahim Əl-Cəfəri rəsmi səfərlərin əlaqələrin inkişafına müsbət təsirindən danışaraq iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil edilməsinin vacib olduğunu qeyd edib. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Əl-Cəfəri İraqın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdırıb. İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyən Əl-Cəfəri ölkəsinin Azərbaycanla terrorçuluqla mübarizə üzrə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib.
Nazir Elmar Məmmədyarov tarixən Azərbaycan və İraq xalqları arasında dost münasibətlərin olduğunu xatırladaraq, Bağdad və Bakı arasında birbaşa uçuşların fəaliyyətə başlamasının iki olkə arasındakı əməkdaşlığa önəmli töhfə verəcəyini bildirib, eyni zamanda Azərbaycanın ərazi bütövlü və suverenliyinin beynəlxalq formatlarda, eləcə də BMT Baş Assambleyasında İraq tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. İki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar olduğunu deyən Elmar Məmmədyarov iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə hər iki ölkənin işgüzar dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin və birgə biznes forumların keçirilməsinin vacibliyini qeyd edib, Azərbaycanın, xüsusilə enerji sahəsində İraq ilə əməkdaşlıqda maraqlı olduğunu deyib.
Sonda Elmar Məmmədyarov iraqlı həmkarını Azərbaycana səfərə dəvət edib. İraq naziri dəvəti məmmuniyyətlə qəbul edib.