ABŞ dövlət katibi Con Kerri Birləşmiş Ştatların Suriya prezidenti Bəşər Əsədə qarşı mövqeyinin dəyişdiyini bildirib. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadən bildirir.
CNN-ə ABŞ və Rusiyanın Yaxın Şərq mövzusunda əməkdaşlığına həsr olunan açıqlamasında Kerri bəyan edib ki, Əsəd "nizamlı keçid” çərçivəsində prezident postundan getməlidir. Qeyd olunur ki, bununla da dövlət katibi daha öncə Əsədin ləngimədən istefasını tələb edən Vaşinqtonun artıq bu mövzuda mövqeyini dəyişdiyini etiraf edib.
Kerri etiraf edib ki, Əsədin təcili getməsi Suriya ictimaiyyətində "daxili partlayışa” səbəb olacaq. Bu isə yalnız situasiyanı korlaya bilər. Lakin Kerri onu da vurğulayıb ki, Suriya prezidentinin istefası sonda davamlı sülhün əldə olunması üçün əsas şərtdir.
"Nə qədər ki, Əsəd postundadır, sülh sadəcə əlçatmazdır. Nöqtə”- deyə Kerri fikrini tamamlayıb. Bundan əlavə, Kerri bəyan edib ki, Rusiyanın Suriya böhranına daha aktiv cəlbi ABŞ-ın böhranın çözümündə irəliyə addım atması üçün "daha bir imkandır”.