Həcc ziyarətində faciə yaşanıb. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə. Mina dağında insanların basırıq salması üzündən 310 ziyarətçi həlak olub, 450 nəfərə yaxını isə yaralanıb. Ölən və yaralananlar arasında Türkiyədən və Azərbaycandan olanlar qeydə alınmayıb. Bəlli olub ki, faciə ziyarətçilərin "şeytanı daşlamaq” üçün qalxdığı əraziyə aparan eskalatorlarda baş verib. Xəbərə görə, ziyarətçilər şeytanı daşlamaq üçün 3-cü mərtəbəyə qalxmalıdır. Faciə də insanların şeytanı daşlamasından sonra eskalatora doğru itələşməsi üzündən yaşanıb. Hazırda faciə nəticəsində ölən və yaralananların evakuasiya işləri həyata keçirilir. Hadisə yerinə 200 təcili tibbi yardım maşını və 4 min tibb işçisi cəlb olunub.
Səudiyyə Ərəbistanının müvafiq dövlət idarəsindən verilən son xəbərə görə, Mina dağında izdihan səbəbindən yaşanan faciə qurbanlarının sayı 453-ə yüksəlib, yaralı sayı isə 719 nəfər təşkil edir. Bu, son illərdə burada yaşanan ən böyük faciədir. Buna qədər isə Mina dağında yenə izdiham səbəbindən 2006-cı ilin yanvarında yaşanan analoji olay ən böyük faciə sayılırdı. O zaman 362 nəfər həyatını itirmişdi.
Qeyd edək ki, bu il Azərbaycandan həcc ziyarətinə 2600 nəfər gedib. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin beynəlxalq əlaqələr təmsilçisi Müqəddəs Payızov faciədən zərər çəkənlər arasında azərbaycanlıların olmadığını bildirib. Belə ki, faciə azərbaycanlıların həmin ayini yerinə yetirməsindən sonra yaşanıb.