Norveç hökuməti "İslam dövləti” terrorçu qruplaşmasına bu ilin yanvar ayında oğurladığı vətəndaşının geri alınması məqsədilə pul ödəməyəcək. Baki-xeber.com RİA "Novosti”yə istinadla xəbər verir ki, belə bir açıqlama ilə Norveç baş naziri Erna Solberq İŞİD-in onun vətəndaşını hərraca çıxarması xəbərinə münasibət bildirərkən çıxış edib. "Biz terrorçuların təzyiqinə boyun əyə bilmərik. Norveç bu məqsədlə pul ödəməyəcək. Biz bu prinsiplə hərəkət edə bilmərik”- deyə vurğulayan baş nazir onu da əlavə edib ki, bir girov üçün pul ödənməsi digər vətəndaşların da oğurlanma risqini artırmış olar. Erna Solberq deyib ki, girovun azad edilməsi üçün hökumət yanında böhran qrupu yaradılıb. "Bizim məqsədimiz vətəndaşımızı evinə qayarmaqdır”- deyə baş nazir bildirib.
Öz növbəsində İŞİD internetdə əyninə sarı əba geyindirilmiş iki nəfərin şəklini yerləşdirib. Onlardan biri Norveç vətəndaşı Ole Johan Grimsgaard-Ofstad, digəri isə Çin vətəndaşı Fan Jinghuidir. Terrorçu qrup onların azadlığı qarşılığında pul tələb edir.