Avstraliya HHQ-nin İraq və Suriyada radikal "İslam dövləti” qruplaşmasına qarşı hava hücumlarında iştirakı 2-3 il uzana bilər. Baki-xeber.com-un RİA "Novosti”yə istinadən xəbərinə görə, bu barədə sözügedən ölkənin müdafiə naziri Kevin Endryüsün mövzu ilə bağlı açıqlamasında deyilir. "İki, ya da üç il. Dəqiq vaxt demək çətindir, lakin prosesin bir neçə il çəkəcəyi aydındır”- deyə nazir açıqlamasında bildirib. Papua Yeni Qvineya paytaxtında verdiyi açıqlamasında o əlavə edib:”Bizim hərbçilərimiz öz işini peşəkarlıqla və effektiv şəkildə görür, evə isə yalnız bu iş bitdikdə dönəcəklər”.
Qeyd edək ki, bu gün dünyanı təhdid altında saxlayan "İslam dövləti” radikal terrorçu qruplaşması ortaya çıxdığı 3 il ərzində 90 min kvadrat kilometrlik əraziyə nəzarəti ələ keçirə bilib və həmin ərazidə özünün "xilafət”ini elan edib. Müxtəlif yanaşmalara görə, radikal qruplaşma üzvlərinin sayı 50 mindən 200 minədək qiymətləndirilir. Ona qarşı cəbhə isə bir deyil: qruplaşmaya qarşı həm Suriya ordusu, həm ABŞ başda olmaqla beynəlxalq koalisiya, həm də kürdlərin və Livan və İraq şıələrinin yaratdığı hərbi birləşmələr döyüşür. Bu qanlı toqquşmalar nəticəsində isə bu günə qədər yüz minlərlə dinc sakin həlak olub, bir neçə milyon günahsız isə qaçqın düşərək dünya ölkələrinə səpələnib.