Tacikistanda atiterror əməliyyatı davam edir. Üsyançı generala Müdafiə nazirliyinin desant-hücum batalyonu döyüşçülərinin dəstək verdiyi bildirilir. Ötən həftənin cümə günündən qruplaşmanın Vəhdət şəhər daxili işlər şöbəsinə və Müdafiə nazirliyinin mərkəzi aparatına hücum nəticəsində xeyli silah-sursat ələ keçirdiyi bildirilirdi. Çox keçmədən bəlli oldu ki, basqınlara Müdafiə nazirliyinin yüksək çinli məmurları başçılıq edir. Onlardan biri nazir müavini, general-mayor Abdulxalim Nazarzado idi ki, həmin gün "cinayət törətdiyinə görə” tutduğu vəzifədən çıxarıldı. Vəhdətdəki basqına isə elə həmin əməliyyat vaxtı qətlə yetirilmiş Ziyavuddin Abdulloyov başçılıq edirdi. Artıq əməliyyatlar zamanı 33 orqan işçisinin həlak olduğu bildirilir. Ramit yarğanında özünə daldanacaq seçən üsyançı generalın isə 135 tərəfdarı olduğu deyilir.
Moskva Karnegi mərkəzinin eksperti Andrey Malaşşenko baş verənləri, əsasən, ölkənin hərbi qurumlarında dövlətdən narazılıqla bağlayır və üsyançı generalın ardınca hərbçiləri aparmasını ciddi təhlükə sayır. Onun fikrincə, baş verənləri avantüra adlandırmaq məsələnin ciddiliyini anlamamaq demək olardı. Ekspert burada maraqlı nüansa diqqət çəkir. O bildirir ki, yaşanan böhranın kökü İmomali Rahmonun əhalinin dindar kəsiminə inzibati metodlarla təsir göstərməyə cəhd etməsi dayanır. Xüsusilə ekspert diqqəti avqust ayının sonunda Tacikistan İslam İntibahı Partiyasının ləğv olunmasına yönəldir ki, üsyançı general da məhz bu partiyanın üzvü idi. "Partiya mülayim islamçı müxalifət mövqeyi tuturdu və Rahmon rejiminin sütunlarından biri idi. Ona görə onun ləğvi böyük səfehlik idi”- deyən ekspert əmindir ki, bundan sonra regionlardakı islamçı tərəfdarları qruplaşma ilə birləşib hakimiyyət üçün böyük problemə çevriləcək. Bu halda isə Abdulxalim Nazarzadonun ötən əsrin 90-cı illərindəki təcrübəsinə diqqət çəkilir ki, Müdafiə nazirliyindən də dəstək görən qruplaşmanın bu halda ölkəyə daha nələr yaşadacağı böyük sual doğurur. Sonda isə ekspert Rahmonun xarici dəstək sarıdan da yaxşı vəziyyətdə olmamasına diqqət çəkir:”Rahmonun çıxış yolu yoxdur. Amerikaya o lazım deyil. Çin isə yaxşı anlayır ki, ölkə rəhbərliyinə kimin gəlməsindən asılı olmayaraq, onlar qonşuluqdan heç yana çıxıb gedən deyillər”.
Baki-xeber.com